Nizami Kino Mərkəzində Milli kinematoqrafiyaya dəstək aksiyasına start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mərkəzdən məlumat verilib.
Aksiya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) təşkilatçılığı ilə onun tabeliyində olan mərkəzlərin əməkdaşları və könüllüləri üçün Elçin Musaoğlunun “Nabat” filminin nümayişi və rəssam Səyyar Əliyevin rəsm sərgisi keçirilib.
Nizami Kino Mərkəzi və “ASAN xidmət” mərkəzi arasında əldə edilmiş razılaşmaya əsasən, iyul ayından sentyabr ayına qədər yerli kinematoqrafiyanın istehsalı olan filmlər nümayiş etdiriləcək. Həmçinin “Asan xidmət”in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı əldə ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərə milli kinematoqrafiya və yerli filmlərdə açılan tarixi və sosial mövzuların təbliği və mədəniyyətin bu sahəsinə olan marağın daha da artırılmasıdır.
A. Zeydullayeva