Azərbaycan və Çin qadın hərəkatı sahəsində əməkdaşlığı genişləndirir. Bu barədə “Azərtac” dövlət informasiya agentliyi məlumat verir.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri, professor Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti Ümumçin Qadınlar Federasiyasının (ÜQF) rəhbəri Şen Yüeyüenin dəvəti ilə Çin Xalq Respublikasında səfərdə olub.
Nümayəndə heyətinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini, Ümumçin Qadınlar Federasiyasının sədri Ş.Yüeyüe ilə görüşü zamanı Ş.Yüeyüe ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək tarix boyu qədim İpək yolunun xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını deyib, ÇXR Sədri Si Cinpinin təşəbbüsü olan “İpək Yolu iqtisadi kəməri”nin ölkələrimizin əməkdaşlığı üçün yeni imkanlar açacağına əminliyini bildirib.
Ş.Yüeyüe Azərbaycanın qadın hərəkatı sahəsində təcrübəsinin maraq doğurduğunu bildirərək bu sahədə təcrübə mübadiləsinin və əlaqələrin daha da genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağına inandığını bildirib.
H.Hüseynova Azərbaycanın və Çinin birgə müxtəlif beynəlxalq təşəbbüslərlə çıxış etmək ideyasını irəli sürüb.
Səfər zamanı konkret əməkdaşlıq istiqamətləri, o cümlədən qadın hüquqlarının müdafiəsi, qadınların məşğulluq məsələləri və digər mövzular müzakirə edilib.
A. Zeydullayeva