Dünən Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodunda baş vermiş partlayışdan sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 yaralı Bakıya göndərilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı rayon xəstəxanasından məlumat verilib.
“3 nəfər, eləcə də reanimasiya şöbəsinə yerləşdirilmiş yaralı Bakıya göndərilib, 2 nəfər isə evə buraxılıb”, - deyə xəstəxanadan bildiriblər.
Paytaxta göndərilən xəstələrin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Xatırladaq ki, dünən Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika zavodunda partlayış baş verib. Nəticədə bir nəfər həlak olub, 19 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlardan 5 nəfəri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına, bütün bədəni yanmış bir nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
A.Zeydullayeva