Xarici işlər naziri Elmar Məmmədyarov bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qəbul etdiyi qərarın əhəmiyyətini qeyd edir.
“Məhkəmə iddiaçıların xeyrinə qərar qəbul edərək, Konvensiya (insan haqları - İF-Az) əsasında onların bir sıra hüquqlarının Ermənistan tərəfindən pozulmasının davam etməsini tanıyıb”, - deyə nazir “AzərTAc” dövlət informasiya agentliyinə müsahibəsində bəyan edib.
“Çıraqov və digərləri Ermənistana qarşı” işi ermənilərin işğal etdiyi Azərbaycanın Laçın rayonundan olan məcburi köçkünlərin əmlak hüquqlarının pozulması ilə əlaqədar iddia ilə bağlıdır.
E.Məmmədyarovun sözlərinə görə, məhkəmənin qərarı bir neçə aspektdən əhəmiyyətlidir.
“İlk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə təsirli formada son qoydu”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, indiyədək Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edərək iddia edirdi ki, onun Dağlıq Qarabağın ərazisi və ətraf ərazilərə yurisdiksiyası şamil edilmir.
Nazir, həmçinin Ermənistanın Azərbaycanın Laçın rayonunun işğalında bilavasitə və Azərbaycan ərazisində digər hərbi əməliyyatlarda iştirakdan boyun qaçırmaq cəhdlərini xatırladıb. XİN başçısı qeyd edib ki, təqdim olunan bütün faktları araşdıraraq məhkəmə Ermənistanın iştirakının olmamasına dair iddiaları rədd edib. Məhkəmə təsdiq edib ki, Ermənistanın ərazi iddiaları və onun Azərbaycan ərazilərinin bir hissəsini ilhaq etmək məqsədi daşıyan cəhdləri silahlı münaqişənin köklü səbəbidir və hərtərəfli müharibəyə təkan verib.
F.İsazadə