Bakıda keçirilən “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” mövzusunda beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrinin alimləri iştirak edirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Konfrans Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyə dəstəyi ilə keçirilir.
Tədbirdə fondun icraçı direktoru Elçin Babayev qurumun fəaliyyəti və reallaşdırdığı tədbrlər barərə söz açıb. Yerli elmin inkişafı və irəliləyişi də daxil olmaqla, bütün sahələrdə mühüm nailiyyətlər barədə danışan E.Babayev qeyd edib ki, əsas məqsəd Azərbaycanın regionda iri elmi mərkəzə çevrilməsindən ibarətdir.
Direktor fondun ildən-ilə beynəlxalq əlaqələrinin genişlənməsi barədə məlumat verərək vurğulayıb ki, son on il ərzində Azərbaycanda ilk dəfə keçirilən bu nühüm tədbirdə Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, Böyük Britaniya, Özbəkistan və Gürcüstandantanınmış alimlərin Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində icmal məruzələri dinləniləcək.
O qeyd edib ki, yerli və xarici alimlər arasında sıx qarşılıqlı əlaqələr əməkdaşlığın qurulması, birgə elmi tədqiqatların aparılması, xüsusilə gənc kadrların hazırlanmasına imkan verəcək.
E.Babayevin sözlərinə görə, kosmik texnologiyaların sürətlə inkişafı Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində mühüm dəyişikliklərə və yeni nöqteyi-nəzərlərin formalaşmasına səbəb olub.
Konfransda N.Tusi adına Şamaxı Astrofiziki Rəsdxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və başqaları son illər ərzində Azərbaycanda və bütün dünyada Günəş fizikası sahəsində həyata keçirilən tədqiqatlar barədə danışıblar, bu cür tədbirlərin müxtəlif elmi istiqamətlər üzrə problemlərin araşdırılması və onların həlli yollarının axtarışı üçün vacibliyini qeyd ediblər. Tədbir zamanı həm yerli alimlərin, həm də Danimarka, Özbəkistan, ABŞ, Böyük Britaniya, İsrail, Fransadan mütəxəssislərin məruzələri dinlənilib.
A.Zeydullayeva