Şirvan şəhərində hərbi müəssisədə baş vermiş partlayışda xəsarət almış və Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş dörd nəfərin müalicəsi Respublika Yanıq Mərkəzində davam etdirilir. Bu barədə çərşənbə axşamı mərkəzin baş həkimi Şöhrət Məmmədov məlumat verib.
“Əvvəlcə bizə iki xəstə daxil olub, daha sonra daha iki xəstə gətirilib. Onların vəziyyəti ağırdır”,- deyə Ş.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, müxtəlif dərəcəli yanıq xəsarətləri almış şəxslər mərkəzə daxil olduqdan dərhal sonra zəruri tədbirlər görülüb, xəstələr lazımi müalicə alırlar.
“Xəsarət alanların hamısı qadındır”, - deyə baş həkim qeyd edib.
Xatırladaq ki, dünən Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus Telemexanika zavodunda partlayış baş verib. Nəticədə bir nəfər həlak olub, 19 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlardan 5 nəfəri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına, bütün bədəni yanmış bir nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Partlayış faktı ilə bağlı Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
A.Zeydullayeva