Avropa İnsan Hüquqları Məhkəməsinin bu yaxınlarda “Çıraqov və digərləri Ermənistana qarşı” işi haqqında qəbul etdiyi qərardan sonra Qarabağ problemi Avropa Şurasının gündəliyinə daxil ediləcək. Xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.
“Nəzərdən qaçırılmamalıdır ki, məhkəmənin (AİHM - İF-Az) Böyük Palatasının bu qərarı yekun qərardır və hüquqi öhdəlik yaradır. Avropa Şurasının məhkəmənin qərarlarının yerinə yetirilməsinə nəzarət edən təsisatlanmış mexanizmi var. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra işğal edilmiş Dağlıq Qarabağ və ətraf ərazilərdən qovulmuş məcburi köçkünlərin hüquqlarının müdafiəsi Avropa Şurası və onun orqanlarının gündəmində qalacaq”, - deyə E.Məmmədyarov “AzərTAc” dövlət informasiya agentliyinə müsahibəsində bəyan edib.
“Çıraqov və digərləri Ermənistana qarşı” işi ermənilərin işğal etdiyi Azərbaycanın Laçın rayonundan olan məcburi köçkünlərin əmlak hüquqlarının pozulması ilə əlaqədar iddia ilə bağlıdır.
Nazir əmindir ki, AİHM-in qərarı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə də təsir göstərməlidir. “Aydındır ki, məhkəmənin qərarı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini də istiqamətləndirməlidir”, - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Ermənistan rəsmilərinin iddailarına zidd olaraq məhkəmə qərara alıb ki, Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın tərkib hisssəsidir və hazırda işğal altındadır.
Ermənistanın cəzasızlıq hissi onu faktları və beynəlxalq təşkilatların sənədlərini təhrif etmək və saxtalaşdırmaq üzrə çirkin təcrübəsini gücləndirməyə həvəsləndirir. Bu iddialar açıq-aşkar yalandan başqa bir şey deyildir. Ermənistan hətta Avropa İnsan Hüquqları Məhkəməsi kimi nüfuzlu təsisatın qərarını həyasızcasına manipulyasiya etmək cəhdlərindən utanmır.
Onun sözlərinə görə, AİHM-in qərarı Ermənistanda şok dalğası yaradıb. “Ermənistan rəsmiləri tərəfindən verilmiş ziddiyyətli bəyanatlar məhkəmənin presedenti olmayan qərarı və bu qərarın geniş və labüd təsirindən Ermənistanın narahatlığına işarədir”, - deyə E.Məmmədyarov vurğulayıb.
Nazirin qeyd etdiyi kimi, məhkəmənin qərarı bir daha təsdiq edib ki, azərbaycanlı əhalinin öz evlərinə qayıtması hüququ mübahisə mövzusu deyil və istənilən həll bu hüququn effektiv tətbiqini təmin etməlidir.
Nazir Avropa Şurası Nazirlər Komitəsinin sədri İqor Krnadakın AİHM-in qərarı ilə bağlı fikirlərinin Ermənistan tərəfindən şərhini saxtakarlıq adlandırıb. “Məhkəmənin qərarının icra olunması ilə bağlı suallara cavabında əslində cənab Krnadak demişdir və burada mən ondan sitat gətirirəm, "Nazirlər Komitəsi bu qərarların icrasına nəzarətə başlayacaqdır və əlbəttə ki, Sədrlik buna daha çox diqqət yönəldəcəkdir və bu bizim üçün vacib olacaqdır", - deyə nazir bildirib.
Ermənistan tərəfinin AİHM-də təşəbbüskarı olduğu Azərbaycanın keçmiş sakininin respublika hakimiyyətinə qarşı iddiaları ilə bağlı "Sarqsyan Azərbaycana qarşı" işini şərh edən E.Məmmədyarov qeyd edib ki, bu məsələ ilə əlaqədar məhkəmə tərəfindən Azərbaycan tərəfinə heç vaxt müraciət olunmayıb. Nazir hesab edir ki, Ermənistan bu işə təşəbbüs etməklə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə AİHM-in qərarının özü üçün nəticələrini azaltmağa cəhb edir.
Onun sözlərinə görə, "Sarqsyan Azərbaycana qarşı" işi ondan ibarətdir ki, guya bu şəxsin Azərbaycanın Goranboy rayonunun Gülüstan kəndinə qayıtmaq və öz mülkiyyətindən istifadə etmək barəsində hüququ inkar edilir. Məhkəmə vurğulayır ki, Gülüstandakı evi və torpağına münasibətdə iddiaçı hüquqlarından məhrum edilməyib. Bu işə gəldikdə isə, bu qərarda bir sıra müddəalar var ki, Ermənistan tərəfi sadəcə onları kiçiltməyə və toxunmamağa çalışır. Belə ki, qərarda təsdiq olunur ki, münaqişə Ermənistan və Azərbaycan arasında baş verir, Goranboy rayonu (keçmiş Şaumyan) isə erməni tərəfinin iddialarına zidd olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Beləliklə, Ermənistanın iddiası rədd edilir.
“Bundan əlavə, 130-cu paraqrafda məhkəmə bir daha təsdiq edir ki, hərbi işğal mahiyyət etibarilə müvəqqətidir və suverenliyin itirilməsi ilə nəticələnmir”, - deyə E.Məmmədyarov bəyan edib.
“Məcburi köçkünlər və qaçqınların işi ilə bağlı Azərbaycanın mövqeyinin davamlı və dəyişməz olmasına dair hər hansı fikir əlavə etməyə ehtiyac yoxdur. Biz məcburi köçkünlərin ən tez bir zamanda öz evlərinə qayıtmasında ən çox maraqlı olan tərəfik. Çıraqov işində məhkəmənin istinad etdiyi kimi əhalinin didərgin düşməsi Ermənistanın qeyri-qanuni hərəkətlərinin birbaşa nəticəsidir. Həqiqətən Ermənistan, xüsusilə Azərbaycanın Dağlıq Qarabağ regionu olmaqla, maneələr və qeyri-real şərtlər irəli sürməklə didərgin düşmüş əhalinin qayıtmasını əngəlləyir və kütləvi miqyasda həyata keçirdiyi etnik təmizləmənin nəticələrini möhkəmləndirməyə çalışır”, - deyə o qeyd edib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin çıxarılmasını və məcburi köçkünlərin geri qayıtmasını “güzəşt” hesab etmir. Həmsədrlərin təkliflərində Ermənistan qüvvələrinin çıxarılması və ya azərbaycanlı məcburi köçkünlərin evlərinə geri qayıtmasını “güzəşt” kimi xarakterizə edən heç nə yoxdur. Bunlar əsas addımlardır ki, onlarsız heç bir həll olmayacaqdır. Azərbaycan münaqişənin nizamlanmasında labüd olan və heç bir alternativi olmayan mərhələli yanaşmanın tərəfdarıdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri bundan xəbərdardırlar və onların mandatı bu anlayışa əsaslanır”, - deyə nazir söyləyib.
E.Məmmədyarov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq.
“Azərbaycan bu anlayışa əsaslanaraq münaqişənin həll olunması prosesinə sadiqdir. Azərbaycan ərazilərinin işğalında status-kvonun uzadılmasında yollar axtarmaqdansa, Ermənistan xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarının fonunda istinad etməyin daha da çətin olduğu öz qeyri-konstruktiv mövqeyini yenidən nəzərdən keçirməlidir. Nə qədər tez Ermənistan reallığı dərk edəcəksə, bir o qədər də tez münaqişə həll olunacaq və regiondakı ölkələr və xalqlar əməkdaşlığın perspektivlərindən və iqtisadi inkişafdan faydalanacaq”, - deyə XİN başçısı bəyan edib.
F.İsazadə