2015-ci il iyunun 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 mlrd. 468,1 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 10,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2015-ci il iyun ayının əvvəlinə vaxtı keçmiş kredit qoyuluşlarının həcmi 1 mlrd. 313,2 mln. manat (artım 34,5%) və ya bütün kreditlərin 6,4%-ni təşkil edir.
İyunun 1-nə dövlət payına malik olan banklar tərəfindən 7 mlrd. 335,6 mln. manat (artım 19,4%) və ya bütün kreditlərin 35,8%-i, özəl banklar tərəfindən 12 mlrd. 542 mln. manat (artım 5,6%) və ya bütün kreditlərin 61,3%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
İyunun əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 11 mlrd. 729,2 mln. manat (azalma 13,2%) milli valyuta, 8 mlrd. 738,9 mln. manat (artım 73,5%) xarici valyuta ilə verilib.
Cari ilin iyun ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 912,2 mln. manat (bütün kreditlərin 14,2%-i) ticarət və xidmət sahələrinin, 276,2 mln. manat (1,3%) energetika, kimya və təbii ehtiyatlar sektorunun, 935,1 mln. manat (4,6%) kənd təsərrüfatı və emal sahələrinin, 2 mlrd. 814,1 mln. manat (13,8%) tikinti və daşınmaz əmlak sahələrinin, 2 mlrd. 182,8 mln. manat (10,7%) sənaye və istehsal sektorunun, 890,9 mln. manat (4,4%) nəqliyyat və rabitə sahələrinin, 8 mlrd. 43,4 mln. manat (39,3%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov