Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutu və Bakı Dövlət Universiteti arasında kadr hazırlığı və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Memoranduma əsasən, Botanika İnstitutunun nəzdində Bakı Dövlət Universitetinin “Botanika” kafedrasının filialı yaradılacaq.
Elm və təhsilin istehsalata inteqrasiyasını gücləndirmək məqsədi ilə yaradılan filial BDU-nın tələbə, magistrant və doktorantlarında tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılmasında böyük rol oynayacaq.
Əməkdaşlıq çərçivəsində botanika elmində olan yeniliklər və innovasiyaların tədris prossesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
A.Zeydullayeva