Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç arasında keçirilən görüşdə iki ölkə hökumətləri arasında iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədilə yaradılmış birgə iqtisadi əməkdaşlıq üzrə komissiyanın ilk iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, 7-8 iyul tarixlərində Xorvatiyaya rəsmi səfəri çərçivəsində E.Məmmədyarov prezident seçilməsi ilə münasibətilə Kolinda Qrabar-Kitaroviçə Azərbaycan prezidenti İlham Əliyevin səmimi təbrikini və salamlarını çatdırıb.
Görüş zamanı Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Prezident İ.Əliyevin 2013-cü ildə Xorvatiyaya rəsmi səfərinin və səfər çərçivəsində “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi”nin imzalanmasının ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etdirilməsi üçün əlverişli siyasi zəmin yaratdığı qeyd olunub.
Xorvatiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan XİN başçısı Xorvatiyanın xarici və Avropa işləri naziri Vesna Pusiç ilə görüşüb.
V.Pusiç Xorvatiyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsi ilə bağlı Xorvatiyanın tutduğu prinsipial və dəyişməz mövqeyinin və bu xüsusda Xorvatiyanın beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və Azərbaycanın enerji resurslarının bölgəyə nəqli, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Y. Əliyev