Cümə axşamı Bakıda “Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov qeyd edib ki, bu, dövlət idarəçiliyi sisteminin islahatları mövzusuna həsr olunmuş sayca 4-cü konfransdır.
“Daha əvvəl keçirilən 3 konfransın yekunları üzrə Azərbaycan müəyyən iş görüb. Biz artıq özümüzün, dövlət qulluğuna qəbulun Azərbaycan modelini yaratmışıq”, - deyə B.Xəlilov bildirib.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya “məhsuldar əməkdaşlıq və bu layihəyə maliyyə dəstəyinə görə” minnətdarlığını bildirib.
“Dövlət idarəçiliyi sahəsində islahatlar əslində mühüm fəaliyyət növüdür, çünki davamlı inkişafla bağlı irəliləyişə nail olunması məsələlərində böyük əhəmiyyət kəsb edir”, - deyə o qeyd edib.
Konfransda dünyanın 25 ölkəsindən dövlət qulluğu məsələləri üzrə mütəxəssislər iştirak edirlər. Tədbir Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dəstəklədiyi “Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” layihəsi çərçivəsində keçirilir.
F.İsazadə