Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddəsi ilə ittiham olunan şəxs barəsində cinayət işinə baxılması prosesi başa çatıb.
Cümə axşamı məhkəmədən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata əsasən, ötən il avqustun 22-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Tovuz rayon sakini Əli Əliyevi (1988-ci il təvəllüdlü) 11 kq marixuananı öyrədilən şəxsə 2 min ABŞ dollarına satarkən saxlayıblar. İstintaq zamanı saxlanılan şəxs qeyd edib ki, satış məqsədilə narkotik bitkilərin becərilməsi ilə məşğul olub. Ona məxsus torpaq sahəsinə baxış zamanı polis əməkdaşları 10-dan artıq çətənə kolu aşkarlayaraq məhv ediblər.
Məhkəmə prosesində ittiham edilən şəxs özünü təqsirli bilərək törətdiyi cinayətdən peşman olduğunu deyib.
Məhkəmə kollegiyası Ə.Əliyevi 8 il müddətinə azadlıqdan məhrum edib.
C.Həmidov