SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Yaponiyada işgüzar səfərdədir. Bu barədə şirkətin saytında məlumat verilir.
Səfərdə məqsəd SOCAR-ın həyata keçirdiyi layihələrdə Yaponiya şirkətlərinin iştirakının və əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır.
Səfər çərçivəsində R.Abdullayev İNPEX korporasiyasının prezidenti Toshiaki Kitamura ilə görüşüb. Görüşdə şirkətin “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində iştirakı, iki şirkət arasında Azərbaycanın daxilində və xaricdəki layihələrdə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bundan başqa, SOCAR mütəxəssislərinin İNPEX şirkətində treninqlərdə iştirakı məsələsi də müzakirə mövzusu olub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları BP (Böyük Britaniya - 35,78% - operator), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.
A.Əzizov