““Rossotrudniçestvo”nun yüksək mükafat olan “Dostluq və əməkdaşlığa görə” fəxri nişanı ilə təltif olunmağıma görə minnətdarlığımı bildirirəm”, - deyə A.İvanov təltifetmə mərasimində bildirib.
O vurğulayıb ki, “Rossostrudniçestvo”nun əsas missiyası beynəlxalq əlaqələrin möhkəmlənməsi, humanitar sahədə sıx əməkdaşlıq və Rusiyanın xaricdə müsbət nüfuzunun formalaşmasına yönələn layihələrin reallaşdırılmasından ibarətdir.
“Həmin layihələr beynəlxalq əməkdaşlığın inkişafı yolunda mədəni maneələrin, mənfi stereotiplərin və digər əngəllərin aradan qaldırılasına imkan yaradır. Bu mənada “Rossostrudniçestvo”nun missiyası kütləvi informasiya vasitələrinin, xüsusilə də Rusiya ilə bağlı olan KİV-lərin məqsəd və vəzifələri ilə səsləşir. Sirr deyil ki, Azərbaycan və Rusiya kimi yaxın dövlətlər arasında vahid informasiya məkanının formalaşdırılması istənilən KİV-in borcudur, “İnterfaks-Azərbaycan” üçün isə agentliyin fəaliyyətinin ilk günlərindən başlıca vəzifədir”, - deyə o qeyd edib.
A.İvanovun sözlərinə görə, Azərbaycan və Rusiya arasında yüksələn xətlə və dinamik inkişaf edən münasibətlərin işıqlandırılması, ümumi nailiyyətlər barədə məlumatın geniş yayılması bu gün də “İnterfaks-Azərbaycan”ın prioritetlərindən biridir və “sevindirici haldır ki, bizim səylərimiz diqqətdən kənarda qalmır və yüksək qiymətləndirilir”.
“Mənə təqdim olunan mükafatın adında “dostluq” və “əməkdaşlıq” sözləri var. Bunlar məhz Azərbaycan-Rusiya münasibətlərinin hazırkı xarakterini səciyyələndirən sözlərdir.
Beləliklə, bu, bizim uğur və mükafatımızdır, baş verənləri daha qlobal kontekstdə qiymətləndirsək, bu, həm də dövlətlərimizin və ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafı üçün səy göstərən dövlət başçılarının uğurlarının tanınmasıdır”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru qeyd edib.
“Hesab edirəm ki, Rusiyanın “Rossotrudniçestvo” Federal Agentliyinin bu yüksək mükafatı kollektivimizin xidmətidir. Çünki bu cür peşəkarlar, bu cür jurnalistlərdən ibarət möhkəm kollektiv olmasaydı, əminəm ki, Azərbaycanda qabaqcıl mövqelərdən birinə sahib olmazdıq”, - deyə A.İvanov jurnalistlərə bildirib.
Tədbirdə, həmçinin Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin və “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin, eləcə də Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov çıxış ediblər.
R.Babayev