“ İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov Rusiya-Azərbaycan münasibətləri üçün unikal şəxsiyyətdir. Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin söyləyib.
“Siz bir sıra səbəblərə görə mükafata layiqsiniz. Siz, əlbəttə, Rusiya-Azərbaycan münasibətləri üçün unikal şəxsiyyətsiniz”, - deyə V.Doroxin cümə günü “İnterfaks-Azərbaycan” agentliyinin rəhbəri A.İvanova “Rossotrudniçestvo” agentliyinin “Dostluq və əməkdaşlığa görə” fəxri nişanını təqdim edərkən bildirib.
Onun sözlərinə görə, A.İvanov Rusiya-Azərbaycan münsibətlərinin bütün ənənələrinin canlı daşıyıcısıdır.
“Mən bilmirəm, hazırda Azərbaycanda Rusiya-Azərbaycan münasibətlərinin ənənələrinin neçə elə daşıyıcısı qalıb. Yəqin ki, hələ var. Siz onların içərisində, əlbəttə, unikal yerdəsiniz. Əsas odur ki, sizdə, sizin mövqeyinizdə Azərbaycana və Rusiyaya məhəbbət öz əksini tapıb. Siz gözəl anlayırsınız ki, bu iki ölkə bir-biri ilə ittifaqda olmadan yaşaya və inkişaf edə bilməz. Bu ittifaq zamanın sınaqlarından keçib və bundan sonra da ölkələrimizin münasibətlərində mövcud olacaq”,- deyə rusiyalı diplomat qeyd edib.
O, həmçinin “İnterfaks” brendi haqqında da xoş sözlər söyləyib.
“Əlbəttə, mən sizin “İnterfaks”dakı xidmətlərinizi qeyd etməyə bilmərəm. Mənim xatirimdə o, zülmət dünyasında parlayan bir işıq kimi qalıb. “İnterfaks” Sovet İttifaqı tarixində ilk müstəqil agentlik idi. Mənim yadımdadır, o yarandıqdan sonra TASS, “RİA Novosti” və digər bütün agentlikləri istinad edilmə səviyyəsinə görə üstələdi.
Ən əsası da budur ki o, yaşaya bildi. Çünki o zamanlar belə agentliklər çox yaranırdı. İndi onların əksəriyyətini heç kim xatırlamır, lakin “İnterfaks” yaşadı. Və həqiqətən də dünya brendlərindən birinə çevrildi”, - deyə V.Doroxin qeyd edib.
Daha sonra səfir A.İvanovun “İnterfaks -Azərbaycan” agentliyinin uğurlu fəaliyyətindəki rolunu qeyd edib.
“A.İvanovun 2003-cü ildən bu sahədə çalışması və bu markanı yüksəklərdə saxlaması asan başa gəlməyib. Mən çox şadam ki, rus brendi adı altında fəaliyyət göstərən və Azərbaycanda Azərbaycan agentliyi kimi qeydiyyatdan keçmiş agentlik ölkənin kütləvi informasiya məkanında layiqli yer tutur. Sizin Rusiya-Azərbaycan münasibətləri haqqındakı informasiyanız həqiqəti əks etdirir. Bu, həm Azərbaycanda, həm də Rusiyada, ümumiyyətlə bütün dünyada təəssüf ki, geniş yayılmış sensasiya axtarışı, xaltura deyil”,- deyə V.Doroxin əlavə edib.
Rusiyanın Azərbaycandakı səfiri A.İvanova gələcək fəaliyyətində uğurlar arzulayaraq onu yubileyi münasibəti ilə də təbrik edib.
“Biz hamımız sizin fəaliyyətinizin bundan sonra da davam etməsini istəyirik. Və biz sizə böyük uğurlar, cansağlığı, xoşbəxtlik arzulayırıq. İcazə verin, sizi qarşıdan gələn yubileyiniz münasibəti ilə təbrik edim”,- deyə V.Doroxin qeyd edib.
“Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin və Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov “Rossotrudniçestvo” agentliyinin rəhbəri Lyubov Qlebovanın 24 iyun 2015-ci il tarixli əmrinin mətnini oxuyub.
““İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov beynəlxalq humanitar əməkdaşlığın inkişafı və Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi üzrə aktiv fəaliyyətinə görə “Rossotrudniçestvo” agentliyinin “Dostluq və əməkdaşlığa görə” fəxri nişanı ilə təltif edilsin”, - deyə əmrin mətnində bildirilir.
R.Babayev