Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi Azərbaycan mətbuatının fəaliyyətinin prioriteti olmalıdır. Bu barədə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bəyan edib.
“Bu gün biz müharibə şəraitində yaşayırıq və gənclərin Azərbaycanda mövcudluğun, həmrəyliyin və tolerantlığın mühafizəsi şəraitində və milli ruhda tərbiyə olunması prioritetlərini rəhbər tutmalıyıq”, - deyə Ə.Mehdiyev “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfransda KİV-in rolu barədə danışarkən bildirib.
Onun sözlərinə görə, bu məsələ dövlətin yürütdüyü siyasətdə aparıcı yer tutur.
“Hətta bizə yad olan elementləri tam aradan qaldırmaq mümkün deyilsə belə, biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməli və ərazilərimizin azad edilməsi səylərini daha da artırmalıyıq. Bu mənada mətbuat çox vacib rol oynayır”, - deyən Ə.Mehdiyev əlavə edib ki, medianın rolu sadəcə informasiya mənbəyi kimi deyil, həm də təsir, təbliğat və maarifləndirmənin aparılması aləti kimi mühümdür.
Prezident Administrasiyasının nümayəndəsi vurğulayıb ki, KİV cəmiyyətin həyatında çox vacib rol oynayırlar.
“Medianın üzərinə böyük missiya düşür. Bu gün dövlət siyasəti Azərbaycan mətbuatının inkişafının təmin edilməsinə və müasir tələblərə uyğun olaraq öz yerini tapmasına yönəlib. Bununla yanaşı, KİV məsuliyyətini artırmalı və bu gün müzakirə olunan məsələlərin bir çox aspektinə diqqət ayırmalıdır. Əminəm ki, Azərbaycan mətbuatı bu öhdəlikləri layiqincə yerinə yetirəcək və 140 illik ənənələri davam etdirəcək”, - deyə Ə.Mehdiyev bildirib.
R.Babayev