Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Yüksək Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurası haqqında Əsasnaməni təsdiq edib.
Əsasnamənin mətni RYTN-in saytında dərc olunub.
Şura 5 üzvdən ibarətdir. Şuranın 2 üzvü RYTN, digər 3 üzvü Maliyyə, İqtisadiyyat və Sənaye, Təhsil nazirliklərindən bir nəfər olmaqla müəyyən edilir.
Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir.
Əsasnamənin şərtlərinə əsasən, Müşahidə Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Bununla yanaşı, Şuranın növbədənkənar iclasları da keçirilə bilər.
Şuranın qərarları parkın rəhbərliyi və rezidentləri üçün məcburi xarakter daşıyır.
Hazırda Bakının Pirallahı rayonu ərzisində Yüksək Texnologiyalar Parkı yaradılır. Prezident İlham Əliyev 5 noyabr 2012-ci il tarixində Parkın yaradılmasına dair fərman imzalayıb. Məqsəd İKT, kosmos, enerji səmərəliliyi, yüksək texnologiyaların tətbiqi və digər sahələrdə tədqiqatların aparılmasıdır.
A.Əzizov