Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun bank rəhbərləri ilə görüşü keçirilib. Bu barədə AMB-nin məlumatında bildirilir.
Görüşdə bank sektorunun bir sıra aktual məsələləri, o cümlədən maliyyə xidmətlərinə çıxış, faiz dərəcələri və məsuliyyətli kreditləşmə ətraflı müzakirə olunub.
Məlumata əsasən, AMB rəhbərliyi banklara bir sıra məsələlərlə bağlı öz mövqeyini bildirib.
Mərkəzi Bank bankların kreditləşdirmə, xüsusilə fiziki şəxslərin kreditləşdirilməsi ilə əlaqədar sosial məsuliyyətinin gücləndirilməsi, kredit siyasətlərinin ölkənin iqtisadi inkişaf prioritetlərini və hədəflərini nəzərə almasının daim diqqətlərinə çatdırılmasına baxmayaraq, kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmaması ilə bağlı mövqeyini banklara bildirib, hər istiqamət üzrə konkret tapşırıqlarını verib.
Vurğulanıb ki, banklar qeyd olunan istiqamətlərdə bütün imkanlardan və resurslardan istifadə etməlidir.
Bundan başqa, istehlak kreditləşməsi zamanı komisyon haqların 1%-lə məhdudlaşmasının kreditlər üzrə real effektiv faiz dərəcəsini əhəmiyyətli azaldacağı diqqətə çatdırılıb.
Banklar bu mövqe və tapşırıqları anlayışla qarşılayıb, konstruktiv mövqe nümayiş etdiriblər. Bu istiqamətdə verilən tapşırıqlar da nəzərə alınmaqla banklar kompleks işlərin görüləcəyini qeyd diblər.
Görüşdə bankların resurslarının dəyərinin ucuzlaşdırılması, risklərin azaldılması, xərclərin optimallaşdırılması və onların faiz dərəcələrinə təsiri kimi məsələlər təhlil edilib.
Mərkəzi Bank bildirir ki, kredit faizlərinin azaldılması istiqamətində banklarla birgə iş davam etdiriləcək.
A.Axundov