İraqın paytaxtı Bağdad şəhərində baş vermiş partlayışlar nəticəsində 29 nəfər həlak olub. Bu barədə bazar ertəsi Britaniyanın BBC teleradio yayım korporasiyası məlumat verib.
Bildirilir ki, Bağdadın müxtəlif rayonlarında 3 partlayış baş verib. Partlayışlar nəticəsində 80-dən çox insan yaralanıb.
Partlayışlardan biri bazarda törədilib. Kamikadze insanların sıx olduğu ərazidə partlayıcı qurğunu işə salıb. Daha iki partlayış isə hərəkətin sıx olduğu ərazilərdə avtomobillərin partladılması nəticəsində baş verib.
Terror aktlarına görə hələ ki, heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib. Lakin İraqda əmindirlər ki, partlayışların arxasında “İslam Dövləti” (İŞİD) terror təşkilatı dayanır.