Omskda çökmüş kazarmanın qalıqları altından xilasedicilər 18 hərbçinin cəsədini çıxarıblar. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verir.
Saat 6:00-a olan məlumata əsasən, dağıntılar altından 31 hərbçi çıxarılıb. Onlardan 18-si həlak olub. 19 hərbçi xəstəxanaya yerləşdirilib. Təlim Mərkəzinin bütün şəxsi heyəti yoxlanılıb. 11 nəfər hərbçinin axtarışları aparılır”, - deyə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Burdenko, Vişnyovski və Mandrık hospitallarının yüksək ixtisaslı həkim və xüsusi modul və texnika ilə təchiz edilmiş 5 tibbi briqadası Omsk hava limanına gəlib.
“Omskda xəsarət almış hərbçilərə yardım etmək üçün Mərkəzi Hərbi Dairənin 5 həkim briqadası və xüsusi avadanlıqlardan ibarət xüsusi təyinatlı tibbi bölməsi yaradılıb. Hərbçilərin Omska gəlmiş valideynləri hava desant qoşunlarının tədris mərkəzində yaradılmış xüsusi məntəqələrə yerləşdiriliblər və onlara psixoloq yardımı göstərilir”, - deyə İ.Konaşenkov qeyd edib.
TəlimMərkəzinin hərbi şəhərciyində RF Müdafiə Nazirliyinin xüsusi komissiyası fəaliyyət göstərir.