2015-ci ilin iyun ayında Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin pozulması ilə bağlı 34 fakt qeydə alıb, bununla əlaqədar 46 nəfər saxlanılıb. Bu barədə DSX-nin mətbuat xidməti məlumat verib.
Saxlanılan şəxslərin 23 nəfəri Azərbaycan, 5 nəfəri Əfqanıstan, 4 nəfəri Özbəkistan, 2 nəfəri İran, 2 nəfəri Rusiya, 2 nəfəri Ukrayna, 2 nəfəri Cənubi Koreya, 2 nəfəri Tacikistan, hər ölkədən bir nəfər olmaqla Gürcüstan, Qırğızıstan, Moldova və Qambiya vətəndaşlarıdır.
Ay ərzində sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 15 nəfər saxlanılıb. Xəzər dənizində 35 halda 55 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Məlumatda qeyd olunur ki, iyun ayında hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 443 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində sərhədçilər 15 halda 10,178 kq narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısını alıblar.
İyunun 16-da “Şıxlı” sərhəd nəzarət məntəqəsində Gürcüstandan Azərbaycana gəlmiş Ukrayna vətəndaşı Şahin İmanovun idarə etdiyi “ZAZ” markalı avtomobilin qaz yanacağı üçün nəzərdə tutulmuş balonun içərisində 6,2 kiloqram marixuana aşkar edilərək götürülüb.
İyunun 9-da Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 10 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 9,736 min ton olan 23,756 min ədəd xaş-xaş kolu yığılaraq yandırılıb.
İyun ayında DSX əməkdaşları tərəfindən qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 74 halda ümumi dəyəri təqribən 388 min manat olan qaçaqmalın, o cümlədən 51 ədəd müxtəlif kalibrli patron, 6 ədəd 16 mm-lik giliz, avtomat silah üçün 1 ədəd daraq, 2 ədəd pnevmatik tapança, 1 ədəd səs tapançası, 77735 ABŞ dolları, 12,470 qutu siqaret, 804 kq nərə balığı və s. saxlanılıb.
R.Babayev