Rusiyalı sahibkar German Sterliqov işğal olunmuş Dağlıq Qarabağa səfər etdiyinə və orada olduğuna və bununla da Azərbaycanın qanunlarına məhəl qoymadığına görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Moldovanın İctimai Palatasının sədri Aureliya Qriqoriu belə hesab edir.
“Hesab edirəm ki, qaçaq oliqarx Sterliqovun hərəkətlərini qiymətləndirmək Rusiya hüquq-mühafizə orqanlarının işidir. Məlumdur ki, sahibkarın qanunla problemləri var. Sərhədi qanunsuz keçməyə görə isə məsuliyyətə cəlb olunmalıdır”, - deyə A.Qriqoriu “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, qiymətləndirmədən asılı olaraq bu cinayətə görə Azərbaycan qanunvericiliyi ilə müxtəlif sanksiyalar, cərimədən başlayaraq 5 il müddətinə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. “Dağlıq Qarabağ ərazisinə qanunsuz gələn şəxslərin törətdiyi bu cinayətin dəqiq tövsif edilməsi, həmçinin bu işlərə baxılması və cinayətkarların qanuni məhkəmə tərəfindən mühakimə olunması zəruridir. Bu halda söhbət Azərbaycan məhkəmələrindən gedir. Düşünürəm ki, heç də hər kəs məhkəməyə cəlb olunmaq istəməz. Və dost dövlətin qanununu pozmazdan öncə hər bir şəxs bunun ona nəyə başa gələcəyini anlamalıdır. Qanundan bixəbər olmaq da onu məsuliyyətdən azad etmir. Axı Rusiyanın dövlət sərhədini pozmuş şəxsin bu cinayətin onun üçün nə ilə nəticələnəcəyini bilib-bilməməsi heç kimi maraqlandırmır. Həmin şəxs sadəcə cinayət məsuliyyətinə cəlb edilir. Qeyd-şərtsiz”, - deyə A.Qriqoriu bildirib.
“Nə üçün Azərbaycan ərazisi olan Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslər barəsində mexanizm və sanksiyalar nəzərdə tutulmayıb? Mən əslində sülhsevər insanam, lakin hesab edirəm ki, digər ölkənin qanunlarına açıq şəkildə məhəl qoymayan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”, - deyə Moldovanın İctimai Palatasının sədri qeyd edib.
Xatırladaq ki, “Russkaya slujba novostey” agentliyi məlumat verib ki, Sterliqov Rusiyanı tərk edib və əmlakını satışa çıxarıb. Onun köməkçisi Polina Sirota məlumat verib ki, o, iyulun 4-də həyat yoldaşı və uşaqları ilə birgə Qarabağa yola düşüb.
Əcnəbilərin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə Bakı ilə razılaşdırılmamış səfərləri Azərbaycan qanunvericiliyinə əsasən cinayət hesab olunur. Azərbaycan Xarici İşlər Nazirliyi G.Sterliqovun Dağlıq Qarabağda olması barədə məlumat təsdiq olunduqdan sonra onun adını arzuolunmaz şəxslərin qara siyahısına daxil edib.
F.Hüseynzadə