Azərbaycan Mərkəzi Bankı (AMB) “EvroBank”ın lisenziyasını ləğv edib və “Azərbaycan Kredit Bankı”na müvəqqəti inzibatçı təyin edib. Bu barədə AMB-dən məlumat verilib.
“EvroBank” ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etməyib. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməyib”, - deyə məlumatda qeyd olunur.
Bununla əlaqədar banka əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilib.
“Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda bankda əhalinin əmanətləri də yoxdur”, - deyə məlumatda deyilir.
AMB qeyd edir ki, “Azərbaycan Kredit Bankı”nın fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, bank qeyri-prudensial idarə olunur və Azərbaycan Mərkəzi Bankının məcburi göstərişlərini icra etmir.
“Bankın kapitalı AMB-nin minimum kapital tələblərindən aşağıdır. “Azərbaycan Kredit Bankı”nın də fəaliyyəti məhdudlaşdırılıb. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur”, - deyə məlumatda bildirilir.
“EvroBank” 1992-ci ilin dekabr ayından fəaliyyət göstərib.
“Azərbaycan Kredit Bankı” ASC 2005-ci ilin dekabr ayında fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları bir neçə fiziki şəxsdir.
A.Axundov