Yaponiya hökuməti Azərbaycanın qərbində iki sosial layihəni maliyyələşdirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Belə ki, Şəmkirdə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Şəmkir rayonunun İrmaşlı kəndində tibb məntəqəsinin tikintisi və Gədəbəy rayonunun Söyüdlü kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihələri üzrə müqavilələr imzalanıb.
“Bu layihələrlə birgə Azərbaycanda həyata keçirdiyimiz layihələrin sayı 200-ə çatıb, onların dəyəri isə 1 milyard ABŞ dollarını keçib. Yaponiya höküməti bundan sonra da insanların rifahı üçün nəzərdə tutulan belə layihələri dəstəkləyəcək”, – deyə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi bildirib.
5 min nəfər əhalisi olan İrmaşlı kəndində tibb məntəqəsinin tikintisi layihəsinin ümumi məbləği $90,84 min, Söyüdlü kəndinin su təchizatı layihəsinin dəyəri isə $90,9 min təşkil edir.
İndiyə kimi Yaponiya hökumətinin qrant layihəsi çərçivəsində Şəmkir rayonunda 4, Gədəbəydə isə5 layihə həyata keçirib.
Şəmkir rayonunda həyata keçirilən 4 layihənin ümumi dəyəri $456,423 min, Gədəbəy rayonu üzrə həyata keçirilən 5 layihənin ümumi dəyəri isə $432,997 min həcmində olub.
F.Mehdiyev