2015-ci ildə “Azərkosmos” “Azerspace-1” telekommunikasiya peykinin yaradılması üçün əldə olunan kreditlərin ödənilməsinə $22-24 mln. yönəltməyi planlaşdırır.
“Maliyyə Nazirliyi tərəfindən koordinasiya olunan “Azərkosmos” ASC-nin səmərəli fəaliyyəti nəticəsində ötən il ixracdan $9 mln. gəlir götürülüb, 2015-ci ildə $16 mln. həcmində gəlir götürülməsi gözlənilir. Bundan başqa, təxminən $6-8 mln. da Maliyyə Nazirliyi tərəfindən əlavə edilərək kreditlərin qaytarılması həyata keçirilir. “Azərkosmos” ASC-nin planlarına görə, 2016-cı ildən kreditlər öz gəlirləri hesabına ödəniləcək”, - deyə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bazar ertəsi Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
Ə.Abbasov əlavə edib ki, hesabat dövründə Yer səthinin müşahidə peyki “Azersky” bir neçə fransız peyki ilə qruplaşmaya daxil olub və artıq kommersiya fəaliyyətinə başlayıb. Hesablamalara görə, “Azərkosmos” ASC “Azersky” üçün kreditlərin verilməsində dövlət maliyyə resurslarına müraciət etməyəcək.
Nazir vurğulayıb ki, hazırda 130-dan artıq telekanalın yayımı “Azerspace-1” peyki üzərindən həyata keçirilir.
Xəbər verildiyi kimi, “Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb. 2010-cu ilin may ayında RİTN Amerikanın peyk istehsalı üzrə ixtisaslaşmış “Orbital Sciences Corporation” şirkəti ilə müqavilə imzalayıb.
Azərbaycan, həmçinin Malayziyanın “MEASAT” şirkəti ilə də orbital mövqeyindən “Azerspace-1” rabitə peyki üçün istifadə etmək barədə müqavilə imzalayıb. Xərclərin 5-7 il ərzində çıxarılacağı, peykin istismar olunacağı sonrakı 15 il müddətində isə xalis mənfəət gətirəcəyi ehtimal olunur.
“Azerspace-1” layihəsinin ümumi dəyəri $233 mln. təşkil edir. Bu məbləğin $121,7 mln.-u peykin hazırlanmasına, $93,8 mln.-u peykin orbitə çıxarılmasına, $17,5 mln.-u isə peykin orbitə buraxılmasının sığortalanmasına, orbitdə birillik istismarına və digər sığorta xərclərinə sərf olunub. Peykin hazırlanmasına sərf olunan $121,7 mln. məbləğə təkcə peykin istehsalı deyil, zəruri yerüstü avadanlığın quraşdırılması, kadrların hazırlanması və digər xərclər də daxildir.
“Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
Xəbər verildiyi kimi, 2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
A.Əzizov