Azərbaycan prezidenti İlham Əliyev hökumətə daxili və xarici turizmin inkişafı yolunda duran maneələri aradan qaldırmağı tapşırıb.
Bazar ertəsi Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı Azərbaycana səfər etmək arzusunda olanlar üçün viza prosedurlarının sadələşdirilməsinə dair göstərişlərinin tam icra olunmadığını deyib.
“Mən bu məsələ ilə bağlı dəfələrlə göstərişlər vermişəm. İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluna düşməyib”, - deyə İ.Əliyev qeyd edib. Onun sözlərinə görə, viza rejimi elə olmalıdır ki, “Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun”. Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, viza rejimi turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir.
“Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır. Bakıya gəlmək istəyən hər bir insan elektron viza almalıdır, bunun üçün səfirliyə, heç bir yerə getməməlidir, evində kompüterdə bileti, vizanı almalıdır, turizm şirkətlərinin xətti ilə gəlməlidir, vəssalam. Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göstərişlər verilmişdir, amma nəticə hanı? Yoxdur və əgər kimsə mənə desə ki, var, yoxdur. Çünki mən soruşuram. Buraya gələn qonaqlar ağızdolusu danışırlar ki, nə gözəl ölkədir. Amma bir problem var ki, gəlmək çətindir, gərək bir ay, iki ay qabaq planlaşdıraq. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam. Bax, bu məsələni gərək biz mütləq həll edək”, - deyə prezident bildirib.
O, həmçinin “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Azərbaycanda təklif etdiyi aviabiletlərin qiymətinin yüksək olmasından narahatlıq ifadə edib.
“Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?”, - deyə prezident sual edib.
O vurğulayıb ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır, bütün aeroportlar dövlət hesabına tikilir. “Nəyə görə biletlərin qiyməti baha olmalıdır? Nə üçün?”, - deyə o, bir daha sual verib.
Bununla əlaqədar İ.Əliyev hökumətə şəffaflığın təmin edilməsi və qiymətlərin süni şəkildə qaldırılmasının qarşısını almaq məqsədilə bu prosesdə tənzimləmə mexanizmini yaratmağı tapşırıb.
Bundan başqa, prezident Azərbaycan daxilində turizm xidmətlərinə, xüsusilə də regionlarda otellərdə qiymətlərin baha olmasından narahatlığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Bu, ölkənin gücünü göstərir, bu, prestijdir. “Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər”, - deyə o qeyd edib.
Prezidentin sözlərinə görə, “bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir”.
“Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər”, - deyə prezident vuğulayıb .