Azərbaycan prezidenti İlham Əliyev respublikanın regionlarında qazlaşdırma işlərini sürətləndirməyi tapşırıb.
“Qazlaşdırma işləri davam edir. Hər ay mənə məlumat verilir, hansı rayonda hansı kənd qazlaşdırılıb. Demək olar ki, hər ay bir neçə kənd qazlaşdırılır. Hesab edirəm ki, bu işlər daha da sürətlə aparılmalıdır. Qazlaşdırma Azərbaycanda çox yüksək səviyyədədir. Amma çalışmalıyıq ki, bu sahəni mümkün qədər daha da genişləndirək. Çünki buna böyük tələbat var”, - deyə İ.Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
İ.Əliyevin çıxışının mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc olunub.
Prezident, həmçinin regionlarda enerji təchizatının yaxşıladırılması ətrafında vəziyyətə də toxunub.
““Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaranıb. Cəmiyyətin qarşısında vəzifə qoyulubdur ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə köhnəlmiş infrastruktur əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni, bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır”, - deyə o qeyd edib.
İ.Əliyev vurğulayıb ki, regionlarda və paytaxtda su təchizatının yaxşılaşdırılması üzrə işlər davam etdirilməlidir. “Bu məqsədlə bu il İnvestisiya Proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulub. Ancaq hesab edirəm ki, ilin sonuna qədər əlavə vəsait ayrılmalıdır. Müvafiq göstərişlər verilib, həm Bakıda, həm də digər şəhər və rayonlarımızda bu işlər aparılmalıdır”, - deyə o əlavə edib.
Dövlət başçısı qeyd edib ki, hazırda Bakıda əhalinin 78%-i fasiləsiz içməli su ilə təmin edilib.
“Ancaq bu göstərici bizi heç cür qane edə bilməz. Bakı kimi gözəl, müasir şəhərdə 100% təminat olmalıdır, 24 saat içməli su olmalıdır. Burada böyük investisiyalar olmalıdır”, - deyə prezident əlavə edib.
A.Əzizov