Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda məskunlaşan rusiyalı sahibkar German Sterliqovun keçirdiyi mətbuat konfransında iştirak etmək məqsədilə bu regiona qanunsuz səfər etmiş Rusiya jurnalistlərinin adlarını müəyyənləşdirir.
“Həmin jurnalistlərin adlarının XİN-in arzuolunmayan şəxslər siyahısına salınacağı istisna olunmur”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, XİN mətbuat konfransında iştirak etmək məqsədilə əməkdaşlarını Azərbaycanın Şuşa şəhərinə göndərmiş nəşrləri və şəxslərin şəxsiyyətini müəyyən etmək üçün iş aparır.
“Hazırda XİN Azərbaycanın işğal olunmuş ərazilərinə hansı KİV nümayəndələrinin səfər etdiyini araşdırır. Araşdırmanın nəticələrinə dair qərar qəbul ediləcək”, - deyə H.Hacıyev vurğulayıb.
F.İsazadə