ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi çıxış etməkdə davam edir. Bu barədə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov bəyan edib.
“ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi çıxış etməkdə davam edir və Əfqanıstanda həvalə olunmuş missiyanı uğurla yerinə yetirir”, - deyə N.Sadıkov Müdafiə Nazirliyinə dəvət olunan ABŞ-ın hərbi attaşesi ilə görüşdə bildirib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Amerikanın diplomatik missiyasının nümayəndəsi ilə fikir mübadiləsi zamanı N.Sadıkov hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüf ifadə edib. General-polkovnik Azərbaycan Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan edib.
N.Sadıkov bundan sonra Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən hərbi əməkdaşlıq planlarının yerinə yetirilməsinə maneçilik törədilməsi cəhdlərinin təkrarlanmayacağına, hərbçilərin isə razılaşdırılmış və təsdiq olunmuş planların siyasətçilər tərəfindən pozulmasına uymayacaqlarına və ölkələr arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağına ümidini ifadə edib.
Nazirliyin məlumatında bildirilir ki, bir ilə yaxındır Azərbaycanın ABŞ ilə əlaqələrində soyuqluq müşahidə olunur.
"ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı münasibətdə qeyri-konstruktiv siyasətinə baxmayaraq, Azərbaycan bütün dünyaya özünün nailiyyət və müvəffəqiyyətlərini nümayiş etdirir. Dövlət Departamenti tərəfindən provokasiya xarakterli yazılar və fəaliyyətlər Azərbaycana 1-ci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsinə, sabit iqtisadi inkişafa nail olunmasına, bütün dünyadan olan jurnalistlərə və qonaqlara ölkəmizdəki demokratiya və azadlığı öz gözləri ilə görmələrinə imkan verilməsinə mane ola bilmədi. Bütün bunlar bizim Silahlı Qüvvələrin döyüş qabiliyyətinin real yüksəldilməsi fonunda baş verir", - deyə nazirliyin məlumatında qeyd edilir.
F.İsazadə