Səhiyyə Nazirliyi Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı dərman preparatlarının qiymətlərinin tənzimlənməsi məqsədi ilə yeni maliyyə mexanizmi hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə bəyanatla səhiyyə naziri Oqtay Şirəliyev nazirlikdə keçirilən geniş toplantıda çıxış edib.
Nazir Azərbaycanda bazar iqtisadiyyatının hökm sürdüyünü və dərmanların qiymətinə nəzarətin bazar tərəfindən tənzimləndiyini bildirib. Nəticədə bu, vətəndaşlar arasında narazılığa səbəb oldu.
O qeyd edib ki, bu səbəbdən yeni maliyyə mexanizminin yaradılmasına dair qərar qəbul edilib və bu ilin payızına kimi tətbiqi nəzərdə tutulub.
Bundan başqa, O.Şirəliyev vurğulayıb ki, müəyyən hallarda bu və ya digər müəssisəyə göndərilən dərman vasitələri ünvanına çatmır. Həmçinin bəzi apteklərin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.
“Müəyyən hallarda həkimlər xəstələrə təqdim etdikləri reseptlərə əsassız olaraq əlavə dərman preparatları daxil edirlər. Bütün bunlar yolverilməzdir və qarşısı mütləq alınmalıdır”, - deyə O.Şirəliyev bildirib.
O qeyd edib ki, bütün bu faktları nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən tədbirlər kompleksi hazırlanıb və tətbiq olunacaq.
A.Zeydullayeva