İran KİV-ləri və siyasi analitiklər ölkənin nüvə proqramına dair əldə edilmiş razılaşmanı sevinc və məmnunluqla qarşılayıblar. Onlar bu sazişi İran üçün qələbə adlandıraraq, Vyanada danışıqlar aparmış iranlı qrupun rolunu xüsusi qeyd ediblər.
Tehran bu sazişi İranın nailiyyəti və ölkənin beynəlxalq səviyyədə tanınması kimi qiymətləndirib.
Xüsusilə qeyd edilir ki, ölkədə bu sazişi tənqid edənlər yoxdur. İran parlamentinin nüfuzlu deputatlarından biri Məsud Pezaşkian bildirib ki, “bu məsələ ilə bağlı qərəzli mövqeyi olanlar deməyə söz tapmır”.
Bu sazişin ölkənin iqtisadi həyatına müsbət təsir göstərəcəyinə ümid edən sadə İran vətəndaşları da razılaşmanı nikbinliklə qarşılayıblar.
Tehran küçələrində kütləvi şənlik nümayişləri yoxdur, lakin bir çox paytaxt sakinləri baş verənləri televiziya vasitəsi ilə diqqətlə izləyiblər.