2015-ci ilin birinci yarısında Azərbaycan əhalisinin nominal pul gəlirləri 19,8 mlrd. manat təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 6,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 4,9% artıb.
Bununla yanaşı, adambaşına pul gəlirləri 2015-ci ilin birinci yarısı ərzində orta illik inflyasiya göstəricisindən 2,7 faiz bəndi çoxdur.
Yanvar-iyun aylarında gəlirlərin 74,2%-i son istehlaka, 9,4%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 14%-i kreditlər üzrə faizlərin ödənilməsinə, əmanətlərə və kapitalın artırılmasına, qalanı digər məqsədlərə yönəldilib.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 18 mlrd. manat qalır ki, bu da 2014-cü ilin birinci yarısının göstəricisindən 6,2% çoxdur.
A.Əzizov