Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təklifləri əsasında Milli Depozit Mərkəzinin (MDM) yeni nizamnaməsini bir ay müddətində təsdiq etməlidir. Bu barədə “Qiymətli kağızlar bazarı haqqında” qanununun tətbiqi barədə Azərbaycan prezidentinin fərmanında deyilir.
Fərmana əsasən, QKDK müvafiq təklifləri ƏMDK-ya təqdim etməlidir.
Bundan başqa, Ədliyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi Milli Depozit Mərkəzinin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görməlidirlər.
“Qiymətli kağızlar bazarı haqqında” qanuna əsasən, investisiya şirkətləri və investisiya fondları MDM-in üzvləri olacaqlar. Mərkəzin fəaliyyəti investorların maraqlarının təmin edilməsinə yönələcək. Bununla yanaşı, MDM idarəedici depozitar sistemdir.
MDM-in əsas idarəedici orqanı 5 nəfərdən ibarət müşahidə şurasıdır. Müşahidə şurasının tərkibinə nəzarət orqanının iki nümayəndəsi, mərkəzi depozitarın üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir. Müşahidə şurasına sədr rəhbərlik edir. Müşahidə şurasının sədrini nəzarət orqanının təqdimatı ilə müşahidə şurası öz üzvləri sırasından seçir.
Mərkəzi depozitarın vəzifələri bunlardır: qiymətli kağızların saxlanması və uçotunun aparılması; qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması; qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması və s.
Qanuna əsasən, MDM müvafiq lisenziya olmadan klirinq fəaliyyəti ilə məşğul ola bilər.
MDM 1997-ci ilin sentyabr ayında yaradılıb. 1999-cu ildə Mərkəz Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin balansına verilib. Bununla əlaqədar 1999-cu ilin sentyabrında MDM təkrar qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir. MDM 1,2 minə yaxın emitentə xidmət göstərir.
A.Axundov