Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Kredit Bankı” ASC-nin bank fəaliyyəti üçün lisenziyasını ləğv edib. Bu barədə AMB-dən məlumat verilib.
Bank lisenziyasının ləğvi barədə qərar 16 iyul 2015-ci il tarixində qüvvəyə minəcək.
Beləliklə, Azərbaycanda fəaliyyət üçün lisenziyaya malik olan bankların sayı 43-ə qədər azalıb.
“Lisenziyanın ləğv edilməsinə dair qərar bankın məcmu kapitalın minimal məbləği tələbinə (50 mln. manat - İF-Az) əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişləri yerinə yetirməməsi ilə əlaqədar qəbul edilib”, - deyə məlumatda qeyd edilir.
Məlumatda vurğulanır ki, 13 iyul 2015-ci il tarixindən bankda idarəetmə müvəqqəti inzibatçı tərəfindən həyata keçirilir.
“AMB bir daha bildirir ki, “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur”, - deyə məlumatda qeyd edilir.
Bununla yanaşı, AMB vurğulayır ki, hazırda “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.
“Azərbaycan Kredit Bankı” ASC 2005-ci ilin dekabr ayında fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları bir neçə fiziki şəxsdir.
A.Əzizov