Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət tətbiq edib. Bu barədə ƏMDK-nın məlumatında deyilir.
Bununla əlaqədar olaraq ƏMDK çərşənbə günü “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” mövzusunda ictimai təqdimat keçirib.
Yeni onlayn xidmətin tətbiqində məqsəd daşınmaz əmlakın qeydiyyatını daha da sadələşdirmək, qeydiyyat üçün lazım olan prosedurları minimuma endirmək, vaxt itkisini və əlavə müraciəti aradan qaldırmaqdır.
Yeni onlayn xidmətin istifadəyə verilməsi qeydiyyat prosedurlarının azaldılmasına yönəldilib. Belə ki, vətəndaşların, fiziki və hüquqi şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədləri artıq onlayn rejimdə ərazi qeydiyyat idarələrinə göndəriləcək. Bununla da vətəndaşların notariusda edilən alqı-satqı əməliyyatından sonra sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb.
Əgər əvvəllər qeydiyyat üçün 4 prosedur tələb olunurdusa, onlayn xidmətlərin istifadəyə verilməsindən sonra bu say 2-yə enib.
ƏMDK göstərilən onlayn xidmətlərin sayını artırmağı planlaşdırır.
Hazırda ƏMDK-nın təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir.
A. Axundov