2015-ci ilin I yarısında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 13 mlrd. 276,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, hesabat dövründə qeyri-neft sektorunda istehsalın həcmi 14,1%, neft sektorunda isə 0,7% artıb.
Bu dövrdə istehsal həcminin 63,3%-i mədənçıxarma sənayesinin, 28,7%-i emal sənayesinin, 7,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşüb.
Sənaye istehsalının 88,2%-i əmtəə, 11,8%-i isə sənaye xarakterli xidmət istehsalının payına düşüb.
Sənaye istehsalının 77%-i özəl sektorun payına düşüb.
2015-ci ilin yanvar-iyun aylarında emal sənayesinin strukturunda ərzaq məhsullarının istehsalında 3,7%, neft məhsullarının istehsalında 7,4%, kimya məhsullarının istehsalında 2,2 dəfə, rezin və plastik kütlə istehsalında 4,5%, tikinti materiallarının istehsalında 19,4%, metallurgiya sənayesi məhsullarının istehsalında 21,9%, elektrik avadanlığı istehsalında 2 dəfə artım qeydə alınıb.
A.Əzizov