Azərbaycan prezidenti İlham Əliyev Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Dövlət başçısının saytında dərc edilmiş təbrik məktubunda İ.Əliyev qeyd edir ki, mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq, mərhəmət, şəfqət və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir.
“Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar səslənir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz, saf niyyətiniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini sevimli xalqımızdan əsirgəməyəcək”, - deyə müraciətdə deyilir.
Dövlət başçısı vurğulayıb ki, Ramazan bayramının dövlət səviyyəsində qeyd edilməsi “bizim multikultural və tolerant prinsiplərə necə yüksək qiymət verməyimizi nümayiş etdirir”.
“Bu gün biz dünyaya bir daha qəlbimizdəki milli dəyərlərə sadiq olduğumuz qədər, bəşəri dəyərləri də yaşatdığımızı bəyan edirik. Dini, milli rəngarəngliyimizi mənəvi bütövlüyümüzün zənginliyi kimi qəbul edirik”, - deyə İ.Əliyevin təbrik məktubunda bildirilir.
Y.Əliyev