ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin və SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) birgə təşkil etdiyi Bakı Yay Enerji Məktəbinin iştirakçıları Bakı Ali Neft Məktəbində (BANM) olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
BANM-in rektoru Elmar Qasımov ali məktəbin tarixi, fəaliyyət istiqamətləri və yarandığı qısa müddət ərzində əldə etdiyi uğurlardan söz açıb. Rektor yüksək ixtisaslı, ingilisdilli, peşəkar kadrların hazırlanmasının BANM-in əsas hədəfi olduğunu vurğulayıb.
E.Qasımov qeyd edib ki, uğurlu neft strategiyası sayəsində ölkənin enerji təhlükəsizliyi təmin olunub, bu bölgə enerji təhlükəsizliyində Azərbaycan kimi etibarlı təchizatçı qazanıb.
Xatırladaq ki, ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi SOCAR-ın əməkdaşlığı ilə 4-17 iyul 2015-ci il tarixlərində 9-cu Bakı Yay Enerji Məktəbini keçirir. Bu il məktəbə 17 ölkədən 47 iştirakçı qoşulub.
Qeyd edək ki, iki həftəlik məktəb ərzində iştirakçılar enerji sahəsinin siyasi və iqtisadi əsasları, hüquqi bazası və digər fundamental mövzularla yanaşı, enerji və xarici siyasət, enerji və ətraf mühit kimi mövzularda mühazirələr dinləyəcək, interaktiv məşğələlərdən yararlanacaqlar. Sertifikat proqramı enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcək. İştirakçılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və SOCAR-ın strateji perspektivləri kimi məsələlərlə geniş şəkildə tanış olacaqlar.
A.Zeydullayeva