Azərbaycan iqtisadiyyatın diversifikasiyası, özəl sektorun inkişafı, yoxsulluğun aradan qaldırılması üzrə ciddi iş aparıb. Bu barədə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev bəyan edib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, Əddis-Əbəbədə keçirilmiş İnkişafın maliyyələşdirilməsi üzrə III Beynəlxalq Konfransda iştirak edən Ə.Şıxəliyev qeyd edib ki, Azərbaycan həm regionda, həm də region xaricində aparıcı iqtisadi qüvvəyə çevrilib, iri regional layihələrin təşəbbüskarı və sərmayədarıdır.
Bununla yanaşı, AİDA rəhbəri qeyd edib ki, Azərbaycan yeni donor ölkəsinə çevrilərək dünyanın donorlar ailəsinə qoşulub.
O bildirib ki, Azərbaycan Heydər Əliyev Fondu və AİDA vasitəsilə dünyanın müxtəlif ölkələrinə yardımlar göstərir və bu yaxınlarda üç Afrika dövlətinə Ebola epidemiyası ilə mübarizəyə yardım edib. Ə.Şıxəliyevin sözlərinə görə, indiyədək Afrika, Latın Amerikası və Asiyanın 40-dan çox ölkəsi AİDA-nın yardımlarından faydalanıb.
Agentliyin rəhbəri Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu və 1 milyondan artıq ölkə vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
F.İsazadə