2015-ci ilin birinci yarısında Azərbaycanda neft məhsullarının istehsalı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 7,4% - 1 mlrd. 269 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə 564,7 min ton avtomobil benzini (azalma 1%), 319,4 min ton kerosin (artım 0,5%), 1 mln. 475,2 min ton dizel yanacağı (artım 21,7%), 477,5 min ton qazoyl (artım 2,8%) istehsal edilib.
Bundan başqa, birinci yarımillikdə respublikada 98,4 min ton birbaşa qovulan benzin (artım 27,1%), 10,2 min ton sürtkü yağı (azalma 51,7%), 69,2 min ton neft bitumu (azalma 43,8%) istehsal olunub.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.
A.Əzizov