Amerikalıların təxminən 75%-i hesab edir ki, ABŞ Kuba ilə diplomatik münasibətləri bərpa etməklə düzgün hərəkət edib. Bunu “Associated Press-GfK” agentliyinin keçirdiyi sorğunun nəticələri göstərir.
“ABŞ ilə Kuba arasında münasibətləri çoxdan bərpa etmək lazım idi. Düşünürəm ki, onlara qarşı sanksiyalarımız çoxdan köhnəlib”, - deyə respondentlərdən biri bəyan edib.
Bununla yanaşı, sorğuda iştirak edənlərin Kubaya qarşı mövcud sanksiyalarla bağlı fikirləri ayrılıb.
Belə ki, respondentlərin 48%-i Kubaya qarşı məhdudlaşdırıcı tədbirlərin zəiflədilməsi və ya tam aradan qaldırılmasının, 47%-i sanksiyaların qüvvədə qalmasının və ya gücləndirilməsinin tərəfdarı olduqlarını bəyan edib. 5% isə cavab verməkdə çətinlik çəkib.
Ötən bazar ertəsi Vaşinqtonda Kuba səfirliyinin fəaliyyətinin bərpasına həsr olunmuş təntənəli mərasim keçirilib.
Bundan əvvəl ABŞ və Kubanın xarici siyasət idarələri vasitəsilə dövlət başçıları - ABŞ prezidenti Barak Obama və Kuba Dövlət Şurasının başçısı Raul Kastro arasında məktub mübadiləsi həyata keçirilib. Məktublarda diplomatik münasibətləri bərpa etmək və hər iki paytaxtda səfirlik açmaq niyyəti təsdiq olunub.