Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı Azərbaycan Respublikasının “Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiya”ya (KOTİF) qoşulması barədə sənədin əslini Dəmiryol ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTİF) baş katibi Fransua Davenə təqdim edib.
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı
səfirliyinin məlumatına əsasən, görüş zamanı tərəflər Azərbaycanın bu təşkilata üzv qəbul olunması prosedurasının OTİF-in prosedura qaydalarına uyğun olaraq tamamlanmasından sonra Azərbaycanla OTİF arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
F.Daven Azərbaycanın KOTİF-ə qoşulması barədə sənədin əslini təhvil almağına dair OTİF-in notasını səfir Ə.Zeynallıya təqdim edib.
F.Daven Azərbaycanın KOTİF-ə qoşulmasından şad olduqlarını, Azərbaycanı nəinki bölgənin ən vacib ölkəsi, eləcə də bütövlükdə OTİF üçün mühüm ölkə hesab etdiklərini, ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə həyata keçirilən infrastruktur layihələrini, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişini yaxından izlədiklərini və bu layihəyə böyük önəm verdiklərini vurğulayıb.
F.Daven, həmçinin Azərbaycan Nəqliyyat Nazirliyi ilə birlikdə 2015-ci ilin dekabr ayında Bakıda seminarın təşkil edilməsi üzərində çalışdıqlarını bildirib.
F.İsazadə