Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin cənub-şərqində törədilmiş və insan tələfatı ilə nəticələnmiş terror aktı ilə əlaqədar türk həmkarı Mövlud Çavuşoğluna başşağlığı verib. Bu barədə XİN-in mətbuat xidməti məlumat verir.
E.Məmmədyarov M.Çavuşoğluna ünvanladığı məktubda Suriya ilə həmsərhəd olan Şanlıurfa vilayətinin Suruç şəhərində törədilmiş terror aktı nəticəsində həlak olmuş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyir.
E.Məmmədyarov qeyd edib ki, Türkiyə xalqının dərdini bölüşür və törədilmiş qəddar terror aktını qəti şəkildə pisləyir.
Dünən Suruç bölgəsində Mədəniyyət Mərkəzinin həyətində güclü partlayış törədilib. 32 nəfər terror aktının qurbanı olub, daha 100-ə yaxın şəxs yaralanıb. Onlardan 29-u xəstəxanalardadır.
F.İsazadə