İyulun 22-də Azərbaycan mətbuatının 140 illiyi münasibətilə Bakıda bir qrup jurnalistin mükafatlandırılma mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri “Gülüstan” sarayında keçirilən tədbirdən məlumat verib.
Təltif edilənlər arasında “İnterfaks-Azərbaycan” informasiya agentliyinin nümayəndələri də var. Agentliyin baş direktoru Aleksandr İvanov III dərəcəli “Vətənə xidmətə görə” ordeni, əməkdaşlar Anar Əzizov “Tərəqqi” medalı, Vaqif Zeynalov isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.
Mükafatları Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.
Dünən isə “İnterfaks-Azərbaycan” agentliyinin Naxçıvan Muxtar Respublikasındakı regional bürosunun müxbiri Qahirə Hüseynovaya Naxçıvanda “Əməkdar jurnalist” adı verilib.
İyulun 20-də dövlət başçısı KİV nümayəndələrinin mükafatlandırılmasına dair müvafiq sərəncam imzalayıb.
91 KİV nümayəndəsi “Tərəqqi” medalı ilə təltif olunub. Dövlət başçısının sərəncamına əsasən, 2 jurnalist Prezident təqaüdü alacaq.
44 KİV nümayəndəsi “Əməkdar jurnalist”, 17 nəfər “Əməkdar mədəniyyət xadimi”, 21 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Y.Əliyev