ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland Amerika şirkətlərinin Azərbaycana yatırdığı investisiyaların həcminin azalmasında siyasi məna axtarmamağa çağırıb.
“Azərbaycana yatırılan Amerika investisiyalarının həcminin azalmasının gizli siyasi mənası yoxdur. Bu prosesdə Amerikanın özəl şirkətləri iştirak edirlər, bizdə özəl şirkətlər üzərində dövlət nəzarəti yoxdur”, - deyə R.Hoqland cümə axşamı Bakıda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ şirkətləri “dəqiq kommersiya əsaslandırılması gördükləri zaman” Azərbaycana investisiya yatıracaqlar.
“Ötən zamanlarda ABŞ Azərbaycana böyük həcmdə investisiyalar yatırıb. Əminəm ki, gələcəkdə də belə olacaq. Bu gün biz münasibətlərin bir qədər zəifləməsini müşahidə edirik, lakin münasibətlər yaxşılaşdıqca, investisiyalar üçün şərtlər də yaxşılaşacaq”, - deyə o vurğulayıb.
Diplomat son zamanlar Bakı ilə Vaşinqtonun münasibətlərindəki soyuqluğu ailə daxilində qarşılıqlı münasibətlərin müvəqqəti soyuması ilə müqayisə edib.
“Diplomatiya və beynəlxalq münasibətləri ailə daxilində münasibətlərlə müqayisə etmək olar. Bəzən hər şey sakit və yaxşıdır, bəzən isə problemlər yaranır”, - deyə R.Hoqland “Əvvəlki münasibətlərin bərpası üçün nə etmək lazımdır” sualına cavabında bildirib.
“Əsas odur ki, hər iki tərəf toplaşaraq qarşılıqlı hörmət əsasında problem üzərində işləsin. Düşünürəm ki, hazırda məhz bu psoses gedir”, - deyə o əlavə edib.
F.İsazadə