Rusiyalı sahibkar German Sterliqovun Qarabağın mənsubiyyəti barədə “əldəki salnamələri açıq müzakirəyə çıxarmaq” təklifi xəstəxana iyi verir. Bu barədə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov bəyan edib.
“Vətəni Rusiyada belə ciddi qəbul edilməyən Sterliqovun bəyanatlarına şərh vermək çətindir. Ermənistanın Azərbaycana qarşı təcavüzünü açıq şəkildə təşviq edən bu adamın Qarabağın kimə mənsub olması barədə əldə olan salnamələrin açıq müzakirəyə çıxarılmasına dair təklifi 1941-ci il iyunun 22-də faşist Almaniyasının Sovet İttifaqına deyil, SSRİ-nin Almaniyaya hücum etməsi fikrinə bənzəyir”, - deyə F.Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Görünür, erməni separatçıların işi çox pisdir ki, onlar hətta Rusiyada belə “İçməyən kişilərin reyestri” tərəfdaşlığının yaradılması, məzarçı imicində seçkiqabağı kampaniyalarda iştirak etmək kimi avantürist ideyalarla tanınan adamı “Qarabağ üzrə ekspert” kimi qəbul edirlər. İllər ötsə də Sterliqov sağalmayıb. Bu avantüristin qanunsuz şəkildə yerləşdiyi və ermənilər tərəfindən işğal edilmiş Qarabağla bağlı gələcək layihələrə dair yeni ideyaları da xəstəxana iyi verir”, - deyə o bildirib.
Bununla əlaqədar olaraq F.Axundov erməni əsilli amerikalı tarixçi Robert Hyusonun “İrəvanda bizi inandırırdılar ki, biz Qərbdə özümüzü araşdırmalarla yormamalıyıq, ən yaxşısı Ermənistan Elmlər Akademiyası tərəfindən hazırlanmış əsərləri başqa dillərdə nəşr etdirməklə Ermənistana xidmət edək” deməsini xatırladıb.
“Hyuson və erməni əsilli digər qərb alimləri erməni saxtakarlıqlarına uymaq istəmədilər və Ermənistanda xalq düşməni elan edildilər. Göründüyü kimi, dünyanın elmi mühitində hətta həmvətənləri arasından belə özlərinə dost tapa bilməyən ermənilər Sterliqov kimi mənfur şəxsiyyətlərdən “görkəmli tarixçilər” yaratmağa məcburdurlar”,- deyə F.Axundov vurğulayıb.
Xəbər verildiyi kimi, dünən Azərbaycan Baş Prokurorluğu German Sterliqovun Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşməsi və separatçı rejimə dəstək verməsi faktları ilə bağlı cinayət işi qaldırıb. Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında bildirilir ki, G.Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur. Bundan başqa, Azərbaycan XİN G.Sterliqovu arzuolunmayan şəxslərin “qara siyahısı”na daxil edib.
Buna cavab olaraq G.Sterliqov sosial şəbəkələrdən birindəki səhifəsində yazıb: “Budur, mənə qarşı daha iki cinayət işi açılıb. Həm də mənim sülh naminə “dəyirmi masa” arxasına oturmaq təklifimin müqabilində. Görünür, Qarabağın tarixən kimə mənsub olmasına dair əldə olan salnamələrin açıq müzakirəyə çıxarılmasından qorxurlıar. Ermənilər açıq müzakirədən qorxmurlar, ruslar da qorxmurlar. Azərbaycanlılar isə isterika içərisindədirlər və təhdid edirlər. Bu nə deməkdir?”.
“Əlbəttə, heç kim nə Qarabağ separatçıları, nə də sterliqovlarla heç nə müzakirə etməyə hazırlaşmır və bu, heç də onların nədənsə ehtiyat etməsindən irəli gəlmir. Azərbaycan torpaqlarının işağl probleminin sülh yolu ilə nizamlanması üzrə danışıqlar bu problemi törədən Ermənistanla aparılır. Əgər Sterliqov və onun yeni havadarlarını salnamələr bu qədər maraqlandırırsa, mən onları www.nofalsify.com ünvanına yönəldə bilərəm, orada onlar dünyanın görkəmli tarixçilərinin bu salnamələr barədə fikirlərini öyrənə bilərlər. Lakin Dağlıq Qarabağın həqiqətən kimə mənsub olmasına dair tarixi materialların onlara xoş gələcəyinə əmin deyiləm”, - deyə F.Axundov qeyd edib.
F.Hüseynzadə