Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2015-ci ilin birinci yarısında aparılmış yoxlamalar dövlət büdcəsinə 3 mln. 99,43 min manat məbləğində vəsaitin bərpasını təmin edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Məlumata əsasən, 2015-ci ilin yanvar-iyun aylarında Dövlət Xidmət tərəfindən Təhsil, Səhiyyə, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərin strukturlarında, “Meliorasiya və su təsərrüfatı” ASC, Maliyyə Nazirliyinin rayon maliyyə idarələrində yoxlamalar aparılıb.
Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti nazirlik və idarələrə məktublar göndərilib.
Birinci yarımillikdə yoxlamaların yekunları üzrə Azərbaycanın dövlət büdcəsinə 3 mln. 99,43 min manat məbləğində vəsait bərpa olunub. Bundan başqa, əsassız ödənişlər aşkar edilmiş təhsil müəssisələri və digər sahələr üzrə yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.
Məlumatda qeyd edilir ki, maliyyə qaydalarının pozulmasına yol vermiş 428 nəfər vəzifəli şəxs barəsində inzibati tədbirlər görülüb. Həmin şəxslər ümumilikdə 263,8 min manat cərimə edilib, vəsaitlər dövlət büdcəsinə köçürülüb.
Maliyyə Nazirliyinin Ağstafa rayon maliyyə idarəsində aparılmış yoxlamaların nəticələri üzrə idarənin rəhbəri yol verdiyi pozuntulara görə tutduğu vəzifədən azad edilib.
“Bundan başqa, Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Baş Prokurorluğun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən 450,21 min manat məbləğində israfçılıq halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib”, - deyə məlumatda qeyd olunur.
A.Əzizov