Şəmkirin kəndlərində bu il qazılmış 10 subartezian quyusu istismara hazırdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Şəmkir Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Nəriman Verdiyev bildirib ki, belə quyuların qazılması üzrə işlər davam etdirilir.
“Prezident İlham Əliyevin tapşırığı ilə bu il rayonda 16 əlavə subartezian quyusunun qazılması nəzərdə tutulub ki, onlardan da 10-u artıq istismara hazırdır. Yerdə qalan 6 quyu isə ilin sonunadək əhalinin ixtiyarına veriləcək”,- deyə o əlavə edib.
N.Verdiyevin sözlərinə görə, Şəmkirin müxtəlif kənd və qəsəbələrində 6 subartezian quyusu bərpa edilib. Bununla da rayon Subartezian Quyularının İstismarı İdarəsinin balansında olan su qurğularının sayı 759-a çatıb.
Qeyd edək ki, idarə 16,5 min hektar ərazinin suvarılmasını təmin edir.
F.Mehdiyev