“Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması çərçivəsində tikinti işlərinin həyata keçirilməsi üçün podratçı seçimi üzrə tenderin müddətini uzadıb. Bu barədə AİŞ-in tender elanında qeyd olunur.
Xəbər verildiyi kimi, təkliflərin qəbul müddəti iyulun 27-də başa çatmalı, tender proseduru isə iyulun 28-də baş tutmalı idi.
“Tender komissiyasının qərarına əsasən, təkliflərin qəbul müddəti avqustun 7-dək uzadılıb. Tender proseduru avqustun 10-da baş tutacaq”, - deyə elanda qeyd edilir.
Azərbaycan prezidenti İlham Əliyev 2 fevral 2015-ci il tarixində Neftçala rayonunda sənaye məhəlləsinin yaradılmasına dair fərman imzalayıb.
Fərmana əsasən, həmin sənaye məhəlləsinin ərazisində kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə qeyri-neft sənaye məhsullarının istehsalı və emalı üzrə müəssisələr yaradılacaq.
Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.
A.Əzizov