Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin vəsaitləri, əsasən ABŞ dollarnda yerləşdirilib. Bu barədə fondun məlumatında bildirilir.
2015-ci il iyunun 30-na olan vəziyyətə görə, ARDNF-in aktivləri $37 mlrd. 783,3 mln. təşkil edib, bunun $57,1 mln.-u Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib.
Bu dövrdə ARDNF-in investisiya portfeli $35 mlrd. 726,2 mln.-a bərabərdir. Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda $17 mlrd. 889,1 mln. və ya 50,1% ABŞ dolları, 34% avro, 5,1% funt sterlinq, 0,6% Avstraliya dolları, 1,1% türk lirəsi, 1,8% rus rublu, 1,2% Cənubi Koreya vonu, 1,4% Çin yuanı, 1,5% digər valyutalar, 3,2% isə qızılda yerləşdirilib.
30 iyun 2015-ci il tarixinə fondun investisiya portfelinin vəsaitlərinin 44,1%-i korporativ kağızlarda, 11,9%-i agentlik və beynəlxalq təşkilatların istiqrazlarında, 20,1%-i maliyyə istiqrazlarında, 11,8%-i qısamüddətli kommersiya kağızlarında, qalanları digər alətlərdə yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 57,28%-i Avropa ölkələrində, 24,03%-i Şimali Amerika ölkələrində, 8,59%-i Asiya-Sakit okean regionu ölkələrində, qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 79,9%-i istiqraz və depozitlərdə, 4,3%-i pul bazarı alətlərində, 7,7%-i səhmlərdə, 3,2%-i qızılda, 2,9%-i daşınmaz əmlakda, 2%-i investisiya layihələrində yerləşdirilib.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
N.Abbasova